Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi ali təhsil müəssisələrində orqan donorluğunun təşviqinə yönəlmiş maarifləndirici tədbirləri mütəmadi olaraq həyata keçirir. Bu tədbirlər zamanı tələbələrə orqan ianəsinin cəmiyyət üçün əhəmiyyəti barədə məlumat verilir. Belə görüşlərdən biri də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilib.
Elm və yaradıcılıq işləri üzrə prorektor Sədaqət Əliyeva tədbirin açılışında çıxış edərək bu təşəbbüsün vacibliyini vurğulayıb: “Bu gün burada toplaşmağımız çox mühüm bir məsələyə həsr olunub. Orqan donorluğu yalnız bir insanın deyil, bütöv ailələrin taleyini dəyişə bilər. Sevindirici haldır ki, gənclər bu mövzuya həssaslıqla yanaşır, təşəbbüs göstərirlər".
Tədbirdə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova çıxış edərək ölkədə orqan donorluğunun mövcud vəziyyəti, qarşıya qoyulan hədəflər və ehtiyac duyulan istiqamətlər barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, hazırda Azərbaycanda 4642 nəfər həyati vacib orqanlara ehtiyac duyur:
“Biz bu dünyadan yalnız geridə qoyduğumuz yaxşı əməllərlə ayrılırıq. İnsan vəfat etdikdən sonra bədəni torpağa qarışır, amma sağlam orqanlar başqa bir insanda həyatın davamına çevrilə bilər.”
Yeganə Abbasova qeyd edib ki, yalnız beyin ölümü diaqnozu qoyulmuş şəxslərin orqanları transplantasiya üçün yararlı sayılır:
“Heç kim öz ölümünün necə və nə zaman baş verəcəyini bilmir. Amma beyin ölümü baş verdikdən sonra götürülən orqanlarla bir neçə insana yeni həyat bəxş etmək mümkündür.”
O, beynəlxalq təcrübəyə də toxunaraq bildirib ki, Avropa ölkələri arasında Avrotransplant sistemi vasitəsilə orqan mübadiləsi həyata keçirilir. Həmçinin qeyd olunub ki, Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Türk dövlətləri arasında da orqan mübadiləsini nəzərdə tutan “Türktransplant” informasiya sisteminin yaradılması üçün Niyyət Protokolu imzalanıb: “Bu addım türk dünyasında orqan çatışmazlığının aradan qaldırılmasına mühüm töhfə verəcək,” – deyə mərkəz sədri vurğulayıb.
Tədbirdə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin həkim-koordinatoru Mehriban Əliyeva “Mən niyə donor olmaq istəyirəm?” mövzusunda çıxış edərək orqan donorluğunun tibbi, hüquqi və mənəvi tərəflərinə geniş şəkildə toxunub. O, donorluğu “ölümümüzdən sonra ali bir pilləyə yüksəlmək, insanlara həyat bəxş etmək fürsəti” kimi qiymətləndirib və əlavə edib:
“İnsanlar adətən xəstəlikləri və ölüm təhlükəsini özündən uzaq görür. Ancaq həyat gözlənilməzdir. Hər birimiz və ya yaxınlarımız, gözləmədiyimiz anda bir donor orqanına ehtiyac duya bilərik.”
Tədbirin interaktiv hissəsində tələbələrin sualları cavablandırılıb. Daha sonra orqan donorluğuna dəstək olmaq istəyən tələbələr ölümündən sonra donor olmaq haqqında Səhiyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiq olunmuş razılıq ərizə formalarını imzalayıblar. Tələbələrə orqan donorluğu loqolu maykalar və kepkalar təqdim olunub.
Bu kimi tədbirlər cəmiyyətdə orqan donorluğu ilə bağlı məlumatlılığı artırmaq, yanlış stereotipləri aradan qaldırmaq və həyat bəxş edən bu mühüm missiyaya dəstək vermək baxımından xüsusi əhəmiyyət daşıyır.